“Kameral vergi yoxlamasından düzgün qaydada, ağılla istifadə edən mühasib ondan yararlana bilər. Çünki bu yoxlama vergi ödəyicisinin, mühasibin gələcəkdə səyyar vergi yoxlaması risklərini minimallaşdırır”. “vergiler.az” xəbər verir ki, bunu Auditorlar Palatasının üzvü, “Bizcon” MMC-nin rəhbəri Anar Bayramov “İllik Mühasiblər Forumu -2024” platformasındakı çıxışında bildirib. Biznes subyektlərinin tez-tez rastlaşdığı vergi yoxlamalarına səbəb olan hallar və bununla bağlı çıxış yollarını aydınlaşdıran A.Bayramov qeyd edib ki, kameral vergi yoxlaması mühasiblərin çoxunun ən aktual, hər gün rastlaşdığı yoxlamalardan biridir: “Bu zaman vergi ödəyicisinin göndərdiyi məlumatlar, hesabatlar və digər mənbələrdəki informasiyalar çarpaz yoxlanılır. Əgər hansısa bir uyğunsuzluq aşkarlanarsa, vergi ödəyicisinə məktub göndərilir və yanlışlığın aradan qaldırılması istənilir. Proses AVİS proqramı vasitəsilə həyata keçirilir və təqdim olunan bəyannamələrdəki çarpaz yoxlamalar nəticəsində uyğunsuzluqlar aşkar edilir. Məsələn, əmlak vergisi və mənfəət vergisi bəyannamələri arasında çarpaz yoxlama nəticəsində üzə çıxıb ki, vergi ödəyicisi mənfəət vergisi bəyannaməsində sahibkar barədə məlumatları göstərib, amma əmlak vergisi bəyannaməsini təqdim etməyib və ya məlumatlar yanlış verilib. Vergi orqanı bu məlumatları analiz edərək əsas vəsaitlərlə bağlı olan dövrün əvvəlinə və sonuna qalıq olduğunu, lakin əmlak vergisi bəyannaməsinin təqdim edilmədiyini göstərir. Bu zaman mənfəət vergisi bəyannaməsində göstərilən xərclərlə də bağlı uyğunsuzluq üzə çıxa bilər”. Bu cür uyğunsuzluqların kameral vergi yoxlaması vasitəsilə üzə çıxarılmasının mühasiblərin xeyrinə olduğunu deyən mütəxəssis bununla onların səyyar vergi yoxlaması risklərindən sığortalandıqlarını vurğulayıb. O, hətta mühasiblərin AVİS-in imkanlarından istifadə edərək boş hesabat göndərdikləri halda bir çox uçot məlumatlarını əldə edərək rahat şəkildə bəyannamələrini yenidən göndərə biləcəklərini diqqətə çatdırıb və bəzi tövsiyələrini də səsləndirib: “Qanunvericiliyə əsasən, hüquqi şəxslərdən icarəyə götürülmüş əmlaklara görə ödəmə mənbəyindən vergi tutulmur və bununla bağlı hesabat tələb edilmir. Amma ilin sonunda mənfəət vergisi bəyannaməsi təqdim edən zaman icarə haqlarının məbləğini hüquqi şəxslər üzrə qeyd edəndə avtomatik uyğunsuzluq üzə çıxır. Bu halda qanunvericiliyə əsaslanaraq məktublarla izahlar vermək olur. Ancaq ay ərzində 4-5 dəfə məktub, hesabat təqdim etməkdənsə, bir dəfə ödəmə mənbəyində vergi bəyannaməsini tərtib edib orada hüquqi şəxslərdən gələn icarə haqlarını qeyd edib göndərmək daha rahatdır”.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb. Sənədləri buradan yükləyə bilərsiniz Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu Mənbə: Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
Növbəti vergi ilindən etibarən sahibkarlar üçün vergi yükünün optimallaşdırılması siyasəti tətbiq olunacaq. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) birgə təşkilatçılığı ilə “Vergi şəffaflığı: nailiyyətlər və çağırışlar” mövzusunda təşkil olunmuş birgə vergi konfransında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib. “Hesab edirəm ki, bu, sahibkarlar tərəfindən çox müsbət qarşılanacaq. Bununla yanaşı, kiçik, orta və mikro sahibkarların həm vergi əməletmələrinə çəkdikləri xərclərinin minimallaşdırılması istiqamətində, həm də əməletmənin sadələşdirilməsi istiqamətində işlər nəzərdə tutulur ki, bunun da ümumi əməletmə faizinə çox böyük təsiri olacaq. Sadələşdirilmə rəqəmsal həllər və alətlər vasitəsilə həyata keçiriləcək. Qeyd edim ki, bu gün vergi daxilolmalarında artım, əsasən, könüllü əməletmə hesabına təmin olunur və bu göstərici hazırda 95,3 faiz təşkil edir”, - deyə O.Nəzərli qeyd edib. DVX rəisi 2024-cü ilin büdcə paketində təklif olunan qeyri-neft sektorunun vergi daxilolmaları planının 2018-ci illə müqayisədə təqribən 2 dəfə artdığını bildirərək, vergi bazasının genişləndirilməsinə biznesi sıxmaqla və ya həddindən artıq çox vergi almaqla deyil, məhz vergi yükünün ədalətli, iqtisadiyyatın sahələri üzrə düzgün bölüşdürülməsi hesabına nail olunduğunu qeyd edib. “Əmək münasibətlərində kifayət qədər artım və “ağarma” müşahidə etmək olar. Qeyd edim ki, bu gün qeyri-dövlət sektorunda olan müqavilələrin payı 50 faizə çatıb. Biz bu islahatları başlayanda heç də belə mənzərə mövcud deyildi. Vergi siyasətində gələcək hədəflərə gəldikdə, qeyd etmək istərdim ki, bu gün ümumi fiskal yığımlar 20 milyard manat üzərində olsa da, vergi siyasətinin formalaşmasında əsas hədəfimiz bu öhdəliklərin daha da artırılması üçün vergi yükünü getdikcə çoxaltmaq yox, əksinə, optimallaşdırmaqdan ibarətdir. Növbəti vergi ilində Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər də məhz buna hədəflənib”, - Xidmət rəisi vurğulayıb. Bildirilib ki, Dövlət Vergi Xidməti iqtisadiyyatın dövlət tənzimləməsində çox mühüm alətlərə malikdir və ümumi idarəetmənin əsas qolları iqtisadiyyatda müsbət dəyişikliklərə, onu stimullaşdırmağa, iqtisadiyyatın “boz” hissəsini “ağartmağa” yönəlib. “Biz hər bir vergi ödəyicisinin böyüməsində, mikro sahibkarlıq subyektlərinin kiçiyə, kiçikdən ortaya, ortaların isə daha da iri kateqoriyasına keçidində maraqlıyıq. Bu baxımdan da vergi siyasətimizi bu istiqamətdə hədəfləmişik”, - deyə O.Nəzərli qeyd edib.